Facebook Script

HƏR YERDƏ POLİS, HEÇ YERDƏ ƏDALƏT — POLİS QÜVVƏLƏRİ DİNC NÜMAYİŞÇİLƏRlƏ NECƏ MÜBARİZƏ APARIR

Hər şey noyabrın 28-də başladı, deyə bilmərəm. Hər şey heç də oktyabrın 26-da başlamamışdı. “Gürcü Arzusu” son bir neçə ildə ölkə konstitusiyasında nəzərdə tutulan xarici kursu qəsdən dəyişməyə çalışır və bu da dəfələrlə vətəndaşların etirazına gətirib çıxarıb. Lakin noyabrın 28-də cəmiyyətin yeni, əvvəllər məlum olmayan enerjisi həqiqətən də bir nöqtədə toplanmağa başladı ki, bu da müxtəlif etiraz formaları ilə özünü göstərdi. Hakim partiya vətəndaşların siyasi mədəniyyətinin formalaşması prosesi ilə xüsusi aqressivliklə üzləşdi.

Noyabrın 28-i axşamı nə baş verdi və bəs necə oldu ki, bu gün bu günə qədər davam edən davamlı xalq etirazının başlanğıc nöqtəsi oldu?

Bu axşamı yaxşı xatırlayıram. Başım ağrıyırdı və evdə qızdırıcının yanında ədyala sarılıb oturmuşdum. Saat yeddinin yarısı radələrində İrakli Kobaxidze Avropa İttifaqına üzvlüyün dayandırılması ilə bağlı bəyanat verir. Bəyanatdan bir neçə dəqiqə sonra sosial şəbəkələrdə sıravi vətəndaşların aşağıdakı məzmunlu yazıları bir-birinin ardınca peyda olmağa başladı: "Parliamentin yanına gedirəm!", "Gürcü Arzusu ofisinin yanına gedirəm!", "Harada toplaşırıq?". Saat 8-ə qədər vətəndaşların artıq bir hissəsi “Gürcü Arzusunun” baş ofisinin yanında, bir hissəsi - Rustavelidə, bir hissəsi isə - yolda idi. Günün sonunda hamımız parlamentin qarşısında dayandıq. Paralel olaraq Qori, Zuqdidi, Kutaisi və Batumidə də insanlar küçəyə çıxırdı.

İnsanlar parlamentə gələndən az sonra xüsusi təyinatlılar peyda oldu. Gecə saat 2 radələrində ilk su şırnağını buraxdılar. Sonrakı günlərdə su şırnağına gözləri yandıran bibər qazı və ya başqa bir kimyəvi maddələrin qarışdırıldığı fikri ortaya çıxdı. Vətəndaşlar ilk basqından sonra tez səfərbər ola bildilər. Tezliklə Rustaveli prospektində barrikadalar və alovlanan ocaqlar peyda oldu ki, bu da insanların evlərinə getməməsi demək idi. Məhz elə bu gecə elə mitinq iştirakçılarının ağır hekayələri və qondarma “Hökumət”in qəddarcasına güc nümayiş etdirməsi halları başladı.

Noyabrın 29-u, səhər açılır. Səhər saat 5-6-dır.

“Mənim hekayəm ilk gecə baş verdi. Daha doğrusu, səhərə yaxın. Beşik küçəsi ilə Rustaveli küçəsinin kəsişməsində. Mən dostlarım dayanmışdıq və söhbət edirdik. Birdən 10-15 robokoblar çox sürətlə bizə tərəf qaçdı və iki dostumu apardılar. Dəhşətli özünü müdafiəsizlik hissi yaranır. Birdə baxırsan, bir yerdən çıxıb səni tuturlar. İlk dəfədir ki, belə hücumlar görürdüm. Onlarla robokop bir yerdə qaçır və səni qorxudurlar ki, gəlib səni öldürəcəm. Dostlarımdan biri ilə mən qaçdıq. O da qızdır. Nədənsə Beşik küçəsinə qaçdıq, strategiyalarda bir az çətinlik çəkirdik. Hamı qaçırdı. Nəsə bir andan sonra dostumla dayandıq və arxaya baxanda gördük ki, bir oğlanı 10-15 nəfər döyür. Kömək etməyə qaçdıq. Bu zaman kimsə arxadan əllərimdən tutdu və kənara atdı. Sonra yıxılanları səkidə parlamentin kənarına tərəf sürüyürdülər. Məni buraxın, qorxuram deyə qışqırırdım. Bura gələndə nə fikirləşirdin bəs qancıq, mənə əclafsan, deyirdilər. Anama söyürdü, səni indi maşında diz üstünə çökdürəcəm, sən baxarsan nə olacaq, sənin ağzına v…cəm. Bilmirəm, mənə dəhşətli şeylər deyirdilər. Çox qorxdum, altımı batıracaqdım. Bir az komik bir an idi. Birdən özümə kənardan baxıb fikirləşdim ki, vay, qorxudan altıma batıracaqdım? nə baş verir? Həm ağlayırdım, həm də təlaş içində idim, eyni zamanda vəziyyətimə gülümsəyirdim. Sonra ürəyim getdi və onlar çox qorxdular. Gözümü açıb özümə gələndə onların bir-birindən soruşduğunu eşitdim ki, bu bizimki öldümü? Yox, yox ölməsin, deyirdilər. Həm də bu soyuqda üstümə su tökürdülər. Üstəlik gözüm hər şeydən yanırdı, həmdə altıma batırmışdım. Cəhənnəm idi. Məni görəndə ki, gözlərimi açdım onlardan biri – aha al su iç dedi. Ölmədiyimi anlayanda bir neçə dəfə də təpiklə vurdular və getdilər. Sonra arxaya baxmadan harasa qaçırdım. Fikirləşdim ki, baxsam, yenə məni tutacaqlar. Yolda dostumu gördüm və ona tərəf qışqırdım. Mən elə bildim ki, onu tutublar, o da elə bilib məni tutublar. Sonra evə getdim. İlk günlər çox xəstə idim, yataqdan qalxa bilmirdim. Indi güclü və inamlıyam. Ehtimal vermirəm ki, xalq dayanacaq və bütün bunlara alışacaq. Mümkün deyil”, - hazırkı mərhələdə adını ictimaiyyətə açıqlamaq istəməyən mitinq iştirakçılarından biri başına gələni bizimlə bölüşür.

İnsanlar basqının bu cür vəhşiliyinə layiqli reaksiya verdilər. Bu gün parlamentin qarşısına daha çox vətəndaş çıxdı. Saxta seçkilər və Avropa yolundan dönmə ilə yanaşı hakim partiyanın mitinqi zorakılıqla dağıtması və xalqa işgəncə verməsi də buna əlavə olundu. 29 noyabr axşamı onlar yenidən su şırnaqları buraxmağa, qaz kapsullarını atmağa başladılar. Etirazçılar hələ də barrikadalar qurur, ocaq yandırır, fişənglər atırdılar. Qazı tez və sistemli şəkildə zərərsizləşdirən cəbhə xətti yaradıldı. Onların silahı su şırnaqları, bibər qazı, qaz  "Dubinka",dedikləri,  daşlar, fiziki zorakılıq idi. Bizim “silahımız” Yeni il fişəngləri idi. Lakin “Gürcü arzusu”nun deputatları yenə də mitinq iştirakçılarını radikal aqressiv qruplar adlandırırdılar.

Noyabrın 30-u, səhər açılır. Gecə saat üçdür.

“Mən dostlarımla birlikdə dayanmışdım. Heç nə baş vermirdi. Nədənsə qaynar xəttin keçdiyi yerə bir az da irəli getdim. Hər şey bir neçə saniyə içində baş verdi. Deyəsən, onlar birdən birə qabağa çıxdılar. Camaat tez geri çəkildi. Bu zaman mən büdrədim və yıxıldım. Xüsusi təyinatlılar gəldi, qalx, qalx dedilər. Başımı qaldırdığımda ətrafda xaos var idi. Nədənsə elə bildim ki, məni bu xaosdan uzaqlaşdırmaq istəyirlər və mənə kömək edirlər. Bilmirəm, beynim başqa ssenarini qəbul edə bilmirdi. Məni ayağa qaldıranda onlara təşəkkür edirdim, yaxşı nələrsə deyirdim. Onlara göstərmək istəyirdim ki, aqressiv əhval-ruhiyyədə deyiləm. Ümumiyyətlə mən heçnə etməmişdim, onlara səbəb verəcək bir şey etməmişdim. Mənim yeganə səbəb verə biləcəyim hərəkət sadəcə aksiyada mövcudluğum idi. Məni yerə qoymazdan əvvəl onlara bir şey dedim, məni vurmayın. Heç kim səs çıxarmadı. Həm də məni aparırdılar. Mən özümü bu xaosdan çıxdığımı görürəm. Məni vurmadılar. Öz-özümə düşünürəm ki, yəni mən haqlıyam və həqiqətən də mənə kömək edirlər. Yan küçəyə döndük və məni divara dirədilər. Bir nəfər sağımda, ikinci – solumda, biri də qarşımda durdu. Mənim ətrafımda hamı onlarınkılar idi. Mənə sadə və normal suallar verirdilər, məsələn, maşınını harada saxlamısan, ona görə də gözləmirdim ki, mənə nəsə edəcəklər. Bu sualları cavablandırarkən dəqiq bilmirəm nə baş verdi, yoxsa onlar beləmi planlaşdırmışdılar, yanımda dayanan nisbətən cavan oğlan başıma iki dəfə çox güclü zərbə endirdi. Ağrıdan çox, başqa duyğular hiss etdim. Bu zərbə o qədər gözlənilməz və haqq etmədiyim formada idi ki, mən şokda idim. Bu biyabırçılıqdan kimsə xəcalət çəkmədi. Sonra onlardan biri gəl, gəl sən indi yola salacam dedi. Ona qoşuldum. Yolda əlimdə qanlı salfet tuturdum, həmdə ondan soruşurdum ki, görmüsən, nə edib və o bunu etməli idi? Mənə nə cavab verəcəkdi?! Beləliklə, biz əsas küçəyə düşdük və o, məni buraxdı. Mən getdim və mitinqdə dayanmağa davam etdim. İkinci və ya üçüncü gün zərbənin nə qədər güclü olduğunu daha yaxşı dərk etdim. Üzümün bir hissəsi tamamilə göyərmişdi”, — Natia Bunturi, balerina söylədi.

Natianın hekayəsindən bir neçə saat sonra günün ən çətin hissələrindən biri başlayır - mitinq iştirakçılarının mühasirəyə alınması ilə bağlı ilk hadisə. Bu hadisəni mən sizinlə bölüşəcəm, çünki “Tbilisi Marriot” divarı tərəfindən mühasirəyə alınanlardan biri də mən idim. Bir neçə dəqiqə ərzində mən sağ qalmayacağımıza əmin olmuşdum. Bir çoxumuz hava çatışmazlığından panikaya düşməyə başladıq. Mühasirə tamamilə gözlənilmədən başladı və bir neçə saniyə çəkdi. Birdən kimsə qışqırdı, hər tərəfdən gəlirlər və biz baxana kimi hər yerdə robokoplar dayanmışdılar. Bizə söydülər, hədə-qorxu gəldilər, “tez gedin burdan, vətənsizlər” deyə qışqırdılar. Bizə burdan getməyimizi deyirdilər, amma bizə qaçış yolu qoymamışdılar. Onlara deyirdik, gedirik, bizi buraxın. Mühasirədən kimlərisə təsadüfü seçərək qaçırırdılar və vururdular. Eyni zamanda sprey buraxırdılar. Bilmirəm nədən daha çox qorxurdum - hardasa möhkəm əziləcəyimdən, yoxsa qaçırılanlar arasında olmadığımdan. Yanımda bir qız var idi, deyirdi ölürəm. Arxamda mənim dostum dayanmışdı. Hərdən baxmağa çalışırdım. Eləbilirdim ki, heç olmasa onun üzündə xilas olmaq ümidini oxuya bilsəm, bu, məni də gücləndirərdi. Qışqırırdım ki, nə edirsənsiz, bizi bura öldürməyə toplamısınız? Sonra nəsə bir anda yol açdılar və tələsik bizi söyə-söyə qovalamağa başladılar. Çox idik, bu qədər adamın sürətli qaçması mümkün deyildi, qaçarkən yıxılırdıq. Demək olar ki, bir-birimizin üstündən keçirdik. Metroya qədər arxamızca düşdülər. Bir adama eyni anda bir neçəsi hücum edirdi. Onların əlinə keçən hər kəsi döyürdülər. Mitinq iştirakçılarını metroya tərəf yola saldılar. Bir anda başa düşdüm ki, bu qədər qaça bilməyəcəm. Həm də mühasirədən sonra nəfəs almaqda çətinlik çəkirdim. Heç vaxt özümü bu qədər təhqir olunmuş hiss etməmişdim. Heç vaxt özümü bu qədər təhlükədə hiss etməmişdim. Həyatımda ilk dəfə mitinqdə gülümsəmədən dayandım. Həyatımda ilk dəfə mitinqdə qorxdum.

Həmin gün aksiyanın 107 iştirakçısını həbs etdilər. Nə ona qədər nə də ondan sonra eyni vaxtda heç bu qədər adam tutulmamışdı. 

Noyabrın 30-u axşam və dekabrın 1-i, səhər saatlarında küçələrə daha da çox insan çıxdı. Bu günlərdə yayılan görüntülər hətta “Gürcü Arzusu”nun tərəfdarlarını da şoka salmışdı. Bəziləri üçün həqiqətən bu kadrlar ifrat nöqtəyə çevrildi, bundan sonra onlar daha hakim partiyaya haqq qazandıra bilmədilər. Rustavelidə hələ də ocaq yanırdı, atəşfəşanlıq və qazın tüstüsünə bürünmüş prospekt döyüş meydanına bənzəyirdi. Xalqın etirazı kəskinləşirdi, digər tərəfdən də etiraza camaat əlavə olunurdu.

Dekabrın 2-si, səhər açılır. Səhər saat 4-5-dir.

“Mən və dostlarım opera teatrının yaxınlığında bir yerdə dayanmışdıq. Bir az da yuxarı, Biltmora doğru. Basqından sonra geri çəkilib və sonra başqa yer axtardığımız an idi. Elə də az deyildik, ona görə də qaz buraxdıqları zaman çalışırdıq ki, tələsik qaçıb biri-birimizi əzməyək. Respublika meydanına tərəf çəkilməyə qərar verdik. Gördük ki, oraya çox robokoplar düzülüb və yol da maşınlarla kəsilib. Rustaveli metrosu istiqamətinə getməyimiz üçün dəhliz saxlanılmışdı. Tərpəndiyimiz zaman fikirləşdim ki, görən qolumuzdan tutmamaq şansı varmı və elə həmin saniyələrdə sürətlə bizə doğru qaçmağa başladılar. Kim onların əlinə keçirdisə döyürdülər və ya tuturdular. Qaçırdıq və gördük ki, onlar da Rustaveli metrosunun yuxarısında dayanıblar. Bu yolu da kəsdilər. Bizim üçün yeganə çıxış yolu McDonaldsın yanındakı küçəyə qalxmaq idi. Bu yollarla Vake tərəfə keçdik. O qədər qaçdıq və yol getdik ki, artıq Vake parkına çatıb dayananda səhər saat 8 olardı. Artıq yeriməyə halımız yox idi. Dincəlirdik və sonra isə Delisi tərəfə tərpənməyi fikirləşirdik. Bu zaman bizə çoxlu sayda polis yaxınlaşdı və biz yenidən qaçmağa başladıq, başqa çarəmiz yox idi. Heç bir plan düşünə bilmirdik. Sadəcə qaçırdıq. Onlar mülki avtomobillərdə idilər, maşından düşüb adamları həbs etməyə başladılar. Hamını bir-bir təqib edirdilər. Tamaraşvili küçəsinə doğru qaçdıq. Mənim bacım məndən xeyli irəlidə idi, nəsə bu anda mənə baxdı və ay qız səni artıq tuturlar, polislərlə birlikdə qaçırsan, tələs deyə məni çağırırdı. Qaçmağa halım yox idi. Bu vaxt mağazalardan işçilər çıxdılar və bizi içəri saldılar. Bəziləri Bagi tərəfə qaçdı, bəziləri binalara daxil ola bildi və bir hissə də mağazalarda gizlənə bildik. Çox yaxşı adamlar idi. Qapılara “Bağlıdır” yazdılar və sonra yavaş-yavaş bizi bir-bir buraxdılar”, — o günü aksiya iştirakçısı Xatia Mamukaşvili belə xatırlayır.

Vətəndaşlar həmin gündən sonra da Rustaveli prospektinə toplaşmağa davam edirdilər. Səhər robokoplar tərəfindən basqın edilən adamları axşam başqaları əvəz edirdi, çünki o an hamımız əmin idik ki, döyüş meydanını qələbəsiz tərk etməyəcəyik.

Dekabrın 2-də basqın çox tez, axşam saat 21:50-də başladı. Mitinq iştirakçıları bu faktı xüsusi təyinatlıların yorğunluğu ilə izah edirdilər. Artıq səbrlərinin olmadığını deyirdilər. Həmin vaxtda Rustavelidə xüsusilə çox adam var idi, ona görə də basqınları gözləmirdik. Üstəlik, belə böyük kütlə olduğu halda qaz kapsullarını atacaqlarını da gözləmirdik. Lakin bu dəfə də bizim gözləntilərimiz özünü doğrultmadı. Onların hərəkətləri hələ noyabrın 28-də bütün hüquqi çərçivələrdən kənara çıxmışdır, ona görə də onlara basqın protokolunu xatırlatmaq həqiqətən mənasız idi. Məqsədləri mitinqi dağıdıb ərazini təmizləmək yox, aksiya iştirakçılarını askiyadan uzaqlaşdırmaq idi.  Həmin gecə çox böyük miqdarda qaz buraxıldı. Başqalarına kömək etmək üçün ön cəbhədə dayanan sahə həkimi və aktivist Salome Kvaratsxeliya həmin gecəni belə xatırlayır, qaz o qədər böyük miqdarda buraxılmışdı ki, qaza qarşı maska onu filtrləyə bilmirdi. Yerə müxtəlif ölçülü, qalın və rəngli kapsullar atılmışdı. Həmin gün mitinqin bir çox iştirakçısı zəhərlənib, bəzilərində ürəkbulanma, koqnitiv disorientasiya və tənəffüs orqanları zədələnməsi müşahidə olunurdu. Bu dəfəki basqın da səhərə qədər davam etdi. Ssenari eyni idi.

Dekabrın 4-də sosial şəbəkələrdə aksiya iştirakçılarının evlərində axtarışlara başlanılması ilə əlaqədar məlumat yayıldı. Bir-birinin ardınca kimin evinə getmişdilərsə onların adları, soyadları yazılırdı, adamlar da bu ünvanlara toplaşırdılar. Onlardan biri aktivist Saba Cacanidze idi və o, axtarış prosesini ətraflı təsvir edir:

“Onların o etdikləri terror aktı idi. Baxmayaraq ki, çox yaxşı bilirdilər həmin vaxt mən uşaqlarımın yanında olmuram amma mənim və mənim uşaqlarımın yanına eyni vaxtda gəldilər. Səhər yuxudan duranda oğlum telefonda deyir ki, kimsə qapını sındırmaq istəyir. Məhz elə həmin vaxt mənim qapımı döyməyə başladılar. Mən onu bloklamaq üçün telefonu söndürdüm. Mənə dedilər ki, kimlərlə yazışdığımı, nə ilə məşğul olduğumu öyrənmək üçün rəqəmsal cihazlarımı müsadirə etməlidilər və s. Həmin günü çoxlarının yanına gediblər. Göründüyü kimi, adamları kifayət etmir, mənim yanıma konkret olaraq insan alverinə qarşı mübarizə idarəsində çalışan şəxslər gəlmişdi. Onlarda tam bir cəhalətdir. Nə etdiklərini də bilmirlər. Ən çox sevdiyim isə bu andır: onlara deyirəm, siz heç nəyə giriş əldə edə bilməyəcəksiniz, çünki məndə hər şey şifrələnmişdir və bütün məlumatları “iCloud”da saxlayıram və onlar evdə “iCloud”u axtarmağa başladılar. Axtarış formasının özü də iyrənc idi. Bir saat boyu axtarış prosesində vəkilin və ya üçüncü şəxsin iştirak etməsini tələb edirdim, amma rədd etdilər. Nəhayət bu məlumat vəkilə gedib çatanda və mənim yanıma gələnda onlar bu faktı təkzib etdilər. Təxminən 15.000 lari dəyərində avadanlıq götürüblər, yəqin ki, ən azı üç ay geri qaytarılmayacaq. Ancaq geri qaytarsalar da, heç bir mənası yoxdur. Bunu hər kəsin bilməsini istəyirəm. Onların yanlarında olan texnologiyadan istifadə etməyin, çünki bizim xəbərimiz olmadan onlar ora dinləmə cihazı yerləşdirə bilərlər. Bütün bunların məqsədi insanları qorxutmaqdır. Belə anlarda həqiqətən qorxu yaranır. Lakin bu qorxu məqsədə çatmır, əksinə qəzəbə çevrilir və nəinki - məyusluğa, bu da bizə deyil, onlara zərər verir”. 

Rustaveli prospekti yavaş-yavaş tüstüdən təmizlənirdi. Bu müddət ərzində DİN sisteminin təyin etdiyi forma və ya əşyaların qeyri-qanuni geyinilməsini və/yaxud müəyyən edilmiş geyim forması və ya oxşar geyim/ləvazimatların geyinilməsini, habelə mitinqdə istifadəsi dövlət orqanlarının nümayəndələrinin fəaliyyətinə mane ola bilən pirotexniki məmulatların, lazer şüalarının və yaxud kəskin şüalanmaya malik belə vasitələrin olmasını qadağan edən qanunlar qəbul edildi. Sadə dildə desək, maskaları, fişəngləri və lazerləri qadağan etdilər. Bundan əlavə, cərimələr artırıldı. Vətəndaşları həbs etməyə, küçədən qaçırmağa, hədələməyə, metrolarda axtarışa başladılar. Bütün enerjiləri xalqı qorxutmağa yönəldilib ki, sonrakı günlərdə parlamentə nibətən daha az adam gəlsin. Gecələr robokoplar artıq gözə dəymirdi, sanki etirazımızla bizi tək qoymuşdular. Vətəndaşlar məqsədlərinə çatdılar. İstəyirdilər aksiyanın tempi aşağı düşsün. Buna cavab olaraq cümə axşamı, dekabrın 12-də saat 14:00-da Rustaveli prospekti bağlandı. Gecə aksiyaları gündüz aksiyaları ilə əvəz olundu. Etiraz bütün şəhərə yayıldı və bu günə qədər davam edir: Aksiylar nazirliklərin, teatrların və ictimai televiziyanın qarşısında keçirilir. İnsanlar hərəkət edir. Yürüşlər dayanmır. Etiraz dalğası heç vaxt olmadığı qədər bütün Gürcüstanı bürüdü.

Onlar qorxu səpdilər və əslində bu qorxudan daha güclü etiraz və birlik cücərdi. Aksiya iştirakçıları deyirlər ki, biz hamımız yeni cəmiyyətin doğulmasını izləyirik. Bəlkə tarix 28 noyabrı bu cəmiyyətin doğum günü kimi hesab edəcək. 

Məqalənin müəllifi: İnqa Ğoğoberidze

Əsas şəkil: Maksim Bakradze

♦ Məqalə “Urgent Action Fund” fondunun maliyyə dəstəyi ilə hazırlanıb

მსგავსი სტატიები

ჩვენ, ფემეა, დევნილი, ქალები

„ჩვენ“: დევნილი ქალები — ეპიზოდი 1 [ვიდეო]

„ფემეას“ ახალი ვიდეოების სერიის პირველი ეპიზოდი: დევნილი ქალების სამი სხვადასხვა თაობა, სხვადასხვა გამოცდილებებითა და ისტორიებით საუბრობენ ერთმანეთთან, აზიარებენ მოსაზრებებსა და ემოციებს და კიდევ უფრო უახლოვდებიან ერთმანეთს.

ჩემი ამბავი
კაფე, ამრა, აფხაზეთი, ომი, დევნილი, დევნილობა

მოგონებები კაფე „ამრაზე“ აფხაზეთში [ვიდეო]

ფილმში გიორგი ლეკიშვილი (ნინიკოს მამა) საუბრობს თავისი ახალგაზრდობის შესახებ და იხსენებს მოგონებას, რომელიც უკავშირდება ყველასთვის საყვარელ კაფე „ამრას“ სოხუმში. „ამრა“ ერთ-ერთი ყველაზე პოპულარული თავშეყრის ადგილი იყო. სამწუხაროდ, ის დღეს აღარ ფუნქციონირებს.

ჩემი ამბავი
პროტესტი, აქცია, საპროტესტო, ევროპა, ქართული, ოცნება, პოლიცია, სამართალდამცავები, ძალადობა, დემონსტრანტები, მშვიდობიანი, mshvidobiani, demonstrantebi, dzaladoba, samartaldamcavebi, policia, samartali, evropa, aqcia, protesti, saprotesto

ყველგან პოლიცია, არსად სამართალი — როგორ ებრძვიან საპოლიციო ძალები მშვიდობიან დემონსტრანტებს

რა მოხდა 28 ნოემბრის საღამოს და როგორ იქცა ეს დღე იმ უწყვეტი სახალხო პროტესტის ათვლის წერტილად, რომელიც დღემდე გრძელდება?

ჩემი ამბავი

გააზიარე სტატია

HƏR YERDƏ POLİS, HEÇ YERDƏ ƏDALƏT — POLİS QÜVVƏLƏRİ DİNC NÜMAYİŞÇİLƏRlƏ NECƏ MÜBARİZƏ APARIR

ხშირად დასმული კითხვები

?

...

დამატებითი ინფორმაცია